Fransanın “Nant” komandası heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan bu klub, Liqa 1-in digər təmsilçisi “Mets”dən Fabyen Santonzu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sağ cinah müdafiəçisi olan 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Nant” bu keçidə görə “Mets”ə 4 milyon avro ödəyib. Müdafiəçi yeni komandasında 28 nömrəli formanı geyinəcək.
Fabyen Santonz “Evian” klubun yetirməsidir. O, peşəkar karyerasına da məhz bu komandada başlatıb. “Klermon” və “Lans” klublarının da formasını geyinmiş fransalı futbolçu, 2019-cu ildən “Mets”in uğurları üçün çalışırdı. O, bu komandada 91 oyuna çıxıb, 6 qol və 4 məhsuldar ötürmə müəllifi olub.
“Qarabağ” qrup mərhələsinin 2-ci turunda Bakıda “Nant”a 3:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında 5-ci tur çərçivəsində keçiriləcək ikinci oyun isə oktyabrın 27-də Fransada keçiriləcək.


