DÇ-2022: Argentina finalda rəqibini gözləyir

Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatı (DÇ-2022) davam edir. Arena.az xəbər verir ki, bu gün yarımfinal mərhələsinə start verilib.

İlk finalçının adına Argentina – Xorvatiya matçında aydınlıq gəlib. Xorvatlar bu matçda qalib gələcəkləri halda ardıcıl ikinci mundialda həlledici oyunun iştirakçısına çevriləcəkdilər. Dünya çempionatının favoritlərindən hesab olunan Argentina yığmasının buna imkan verib-verməyəcəyi isə böyük maraqla gözlənilirdi. Cənubi Amerika təmsilçisi bu görüşdə 3 cavabsız qolla qalib gələrək ilk finalçı olub.

Sabah keçiriləcək ikinci yarımfinal görüşündə Fransa və Mərakeş yığmaları üz-üzə gələcəklər. Fransa yığmasının ardıcıl ikinci dəfə finala çıxmaq şansı yüksək qiymətləndirilsə də, Mərakeş yığması da sürpriz çıxışının davamını gətirə bilər.

Xatırladaq ki, dünya çempionatına dekabrın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq. Bundan bir gün öncə isə üçüncü yer uğrunda qarşılaşma baş tutacaq.

DÇ-2022
Yarımfinal
13 dekabr

Argentina – Xorvatiya 3:0
Qollar: Lionel Messi, 34-pen. Xulian Alvares, 39; 69.
Baş hakim: Daniele Orsato (İtaliya).
“Lusail” stadionu.

Argentina: 23. Emiliano Martines, 3. Nikolas Talyafiko, 5. Leandro Paredes, 7. Rodriqo De Paul, 9. Xulian Alvares, 10. Lionel Messi (k),  13. Kristian Romero, 19. Nikolas Otamendi, 20. Aleksis Makkallister, 24. Entso Fernandes, 26. Nahuel Molina.
Xorvatiya: 1. Dominik Livakoviç, 4. İvan Perisiç, 6. Deyan Lovren, 8. Mateo Kovaçiç, 9. Andre Kramariç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 15. Mario Paşaliç, 19. Borna Sosa, 20. Yoşko Qvardiol, 22. Yosip Yuranoviç.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: