“Antalyaspor” Siniki qaytardı, Bayrakdarı icarəyə göndərdi

Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Hall Siti” klubunda forma geyinən Doğukan Siniki heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyəli futbolçu Çempionşip təmsilçisindən bu mövsümün sonuna kimi icarəyə götürülüb. Müqavilədə satınalma ilə bağlı şərt yoxdur.

Xatırladaq ki, Doğukan Sinik 2022/23 mövsümünün əvvəlində məhz Antalya klubundan “Hall Siti”yə transfer olunmuşdu. Lakin 23 yaşlı yarımmüdafiəçi İngiltərə klubunda çox forma şansı qazana bilmədiyi üçün, Türkiyəyə qayıtmağa qərar verib. O, Çempionşip təmsilçisində meydana çıxdığı 12 oyunda cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Antalya Kemerspor”da da oynamış Doğukan, “Antalyaspor”da vaxtilə 123 oyuna 5 qol və 12 məhsuldar ötürmə müəllifi olub. Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış yarımmüdafiəçi, əsas millidə 6 oyuna 2 qol vurub.

“Antalyaspor” öz yarımmüdafiəçisi Gökdeniz Bayrakdarı isə “Bodrumspor”a icarəyə verib. 21 yaşlı vingerin bu ilin 30 iyununa kimi icarədə olacağı açıqlanıb. “Kocaelispor”un yetirməsi olan Gökdeniz Bayrakdar 2020-ci ilin avqustundan Antalya təmsilçisindədir. O, elita təmsilçisində 87 oyuna çıxıb, 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyənin U-19 yığmasında da oynamış futbolçu, hazırda U-21-ə dəvət alır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: