Almaniyanın “Bayer” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi Belçikanın “Brügge” klubundan müdafiəçi Noa Mbambanı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçikadan olan 18 yaşlı futbolçu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb. “Bayer” bu transfer üçün “Brügge”yə 100 min avro ödəyib.
Noa Mbamba “Brügge”nin öz yetirməsidir. O, Belçika təmsilçisinin əsas komandasında 25 oyun keçirib. Gənc futbolçu hazırda Belçikanın U-19 yığmasının da uğurları üçün çalışır.
Leverkuzen təmsilçisi hücumçusu Paulinyonu isə Braziliyanın “Atletiko Mineyro” klubuna icarəyə verib. Braziliyadan olan 22 yaşlı forvardın 2023-cü ilin 30 iyununa qədər icarədə oynayacağı diqqətə çatdırılıb.
Tam adı Paulo Henrike Sampayo Filyo olan Paulinyo, 2018-ci ilin iyul ayından Almaniya klubunda forma geyinir. O, bu komandanın heyətində meydana çıxdığı 79 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Braziliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynamış Paulinyo, daha öncə ölkəsində yetirməsi olduğu “Vasko da Qama”nın da uğurları üçün çalışıb.


