Futbol üzrə Serbiya milli komandasının və İtaliyanın “Torino” klubunun yarımmüdafiəçisi Saşa Lukiç A Seriyası təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 26 yaşlı futbolçu İngiltərənin “Fulhem” klubuna transfer olunub.
İngilislər bu transfer üçün İtaliya klubuna 9.1 milyon avro ödəyiblər. Yarımmüdafiəçi yeni klubu ilə 4.5 + 1 illik müqavilə bağlayıb.
Saşa Lukiç “Partizan”ın yetirməsidir. O, ölkəsində “Teleoptik”in də formasını geyinib. 2016-cı ildən “Torino”da çıxış edən serb futbolçu bu komandada 168 oyunda 14 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. 2017/18 mövsümündə “Levante”də də icarədə oynamış futbolçu, Serbiya millisində 35 oyuna 2 qol vurub.
“Fulhem” London “Arsenal”ından Sedrik Soaresi də heyətinə qatıb. O, bu mövsümün sonuna kimi icarəyə götürülüb. “Sportinq”in yetirməsi olan Sedrik, “Akademika”, “Sauthempton”, “İnter” kimi klubların da formasını geyinib. 2020-ci ildən “Arsenal”da olan 31 yaşlı futbolçu “topçular”ın heyətində meydana çıxdığı 59 oyunda 2 qol və 5 məhsuldar ötürmə müəllifi olub. O, Portuqaliya yığmasında da 11 oyuna 1 qol vurub.
“Fulhem” bu mövsümün əvvəlində “Brayton”dan icarəyə götürdüyü Şeyn Daffinin transfer hüquqlarını da alıb. Daffi bu klubla mövsümün sonunadək müqavilə bağlayıb. İrlandiyalı futbolçu peşəkar karyerasına “Everton”da başlayıb. O, “Bernli”, “Skantorp Yunayted”, “Yovil Taun”, “Blekbern” və “Seltik” kimi klubların da formasını geyinib. “Brayton”da 150 oyuna 9 qol vurub, 5 məhsuldar etmiş futbolçu bu mövsüm “Fulhem”də cəmi 5 matça çıxıb. 31 yaşlı mərkəz müdafiəçisi İrlandiya millisində 55 oyuna çıxıb, 7 qola imza atıb.
Yeri gəlmişkən, Daffi ilə vidalaşan “Brayton” İsveçin AİK klubunun yarımmüdafiəçisi Yasin Ayari ilə güclənib. Premyer Liqa klubu onun keçidi üçün İsveç təmsilçisinə 4 milyon avro ödəyib. Bu ildən İsveçin əsas millisində də forma geyinən 19 yaşlı yarımmüdafiəçi AİK-də 47 oyuna 5 qol vurub, 2 qol ötürməsi verib.
“Fulhem”də 3 ayrılıq
“Fulhem” üç futbolçusu ilə də yollarını ayırıb. 28 yaşlı yarımmüdafiəçi Nataniel Çaloba “Vest Bromviç”ə transfer olunub. “Çelsi”, “Uotford”, “Nottingem Forest”, “Midlsbro”, “Bernli”, “Ridinq”, “Napoli” kimi klublarda da oynamış ingilis futbolçu yeni klubu ilə 2024-cü ilin 30 iyununa kimi anlaşıb.
Digər yarımmüdafiəçi Coş Onoma da azad agent kimi “Preston”a keçib. 25 yaşlı futbolçu “Tottenhem”, “Şeffild Uensdey” kimi klubların, İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarının da formasını geyinib.
Fransadan olan yarımmüdafiəçi Antoni Nokar isə icarə əsasında “Haddersfild”ə keçib. 31 yaşlı vinger “Fulhem”də 56 oyuna 4 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Fransanın gənclərdən ibarət yığmasının sabiq üzvü “Genqam”, “Lester Siti”, “Standard”, “Brayton”, “Nottingem Forest”, “Volos”, “Haddersfild Taun” kimi klubların da formasını geyinib.


