Futbol üzrə Səudiyyə Ərəbistanı milli komandasının Fransadan olan baş məşqçisi Herve Renar bu işindən istefa verərək ölkəsinə qayıdıb. Arena.az xəbər verir ki, onun istefası Səudiyyə Ərəbistanı Futbol Federasiyası tərəfindən qəbul olunub.
Qurum 54 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib. Ona gələcək karyerasında uğurlar arzulanıb. Artıq Renarın yeni iş yeri də məlumdur. Təcrübəli məşqçi bundan sonra Fransanın qadınlardan ibarət milli komandasına rəhbərlik edəcək. Bu təyinatın tezliklə rəsmən açıqlanması gözlənilir.
Xatırladaq ki, Herve Renar ən son Qətərdəki dünya çempionatında Səudiyyə Ərəbistanının sükanı arxasında çempion Argentina yığmasına qalib gəlməsi ilə özündən söz etdirib. O, 2019-cu ilin iyul ayından bu komandaya rəhbərlik edirdi. Səudiyyə Ərəbistanı millisi fransızın rəhbərliyi altında 41 oyun keçirib. Komanda bu görüşlərdə 18 qələbə qazanıb, 11 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb.
Renar daha öncə Mərakeş, Zambiya, Anqola, Fil Dişi Sahili kimi yığmaların da baş məşqçisi olub. O, “Lill”, “Soşo”, “USM Alger”, “Şerbur”, “Namdin”, “Kembric Yunayted”, “Draqinyan” kimi klubları da çalışdırıb.


