Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Ştutqart” komandasının baş məşqçisi Bruno Labbadiya istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Son olaraq səfərdə “Union Berlin”ə 0:3 hesabıyla uduzan ştutqartlılar, son beş matçda cəmi bir heç-heçəyə nail olublar. Komanda keçirdiyi 26 oyunda cəmi 4 qələbə qazanıb, 8 heç-heçə edib və 14 məğlubiyyətə üzülüb. 20 xalı olan kollektiv 18 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.
Bruno Labbadiya 2022-ci ilin 5 dekabrında “Ştutqart”ın baş məşqçisi təyin olunmuşdu. O, geridə qalan 4 ay ərzində bu komandanı cəmi 12 matça çıxarıb. Bu görüşlərdə cəmi 2 qələbə qazanıb, 3 heç-heçə etmiş ştutqartlılar 7 məğlubuyyətlə üzləşiblər. Almaniyadan olan 57 yaşlı mütəxəssis daha öncə “Herta”, “Volfsburq”, “Hamburq”, “Bayer”, “Qroyter” və “Darmştadt” klublarını da çalışdırıb. O, 2010-2013-cü illər aralığında da “Ştutqart”a rəhbərlik edib (119 oyun, 50 qələbə, 24 heç-heçə, 45 məğlubiyyət).
Klub rəhbərliyi Labbadiyaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. “Ştutqart” Labbadiyanın əvəzində baş məşqçi postuna Sebastyan Hönessin gətirildiyini də açıqlayıb. Almaniyadan olan 40 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Sebastyan Höness son olaraq 2020-2022-ci illər aralığında “Hoffenhaym”da çalışıb. O, daha öncə “Herta”nın U-19, “Leypsiq”in U-17 və U-19, “Bayern”in U-19 və əvəzedici komandalarına da rəhbərlik edib. Höness futbolçu karyerasının ilk illərində “Ştutqart”ın da formasını geyinib, hətta bu klubun U-17 komandası ilə Almaniya çempionu olub.



