2022/2023 mövsümü bitən kimi “Səbail”lə yolları ayrılan yarımmüdafiəçisi Ruslan Hacıyev özünə yeni iş yeri tapıb.
Arena.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubundan azad agent kimi ayrılmış 25 yaşlı futbolçu “Araz Naxçıvan”la anlaşıb.
Növbəti mövsümdən Premyer Liqada mübarizə aparacaq Naxçıvan təmsilçisinin Hacıyevin xidmətində maraqlı olduğu barədə hələ xeyli müddət öncə məlumat vermişdik. “Səbail”dən ayrılması futbolçunun “Araz Naxçıvan”a yolunu açmış oldu. Artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər. Sadəcə, Naxçıvan təmsilçisi digər transferlər və növbəti mövsümlə bağlı planları kimi, Hacıyevlə anlaşdığını da ictimaiyyətə açıqlamağa ehtiyac duymur.
Xatırladaq ki, Ruslan Hacıyev “Qarabağ”ın yetirməsidir. Lakin o, peşəkar karyerasına 2019-cu ildən cəlb olunduğu “Səbail”də başlayıb. Paytaxt klubu daha öncə onu icarəyə götürürdü. 2022-ci ilin yayında isə yarımmüdafiəçi ilə tamhüquqlu 2 illik müqavilə imzalanmışdı. O, paytaxt klubunun heyətində bütövlükdə 75 matça çıxıb, 3 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Geridə qalan mövsümdə isə isə sağ cinah vingeri Premyer Liqada 22 (2 qol, 3 asist), Azərbaycan kubokunda 2 (1 məhsuldar ötürmə) oyun keçirib.


