Saymon Elisor – “Mets”də yeni hücumçu

Belçikanın “Seren” klubunun fransız hücumçusu Saymon Elisor yeni mövsümdən Liqa 1-də mübarizə aparacaq “Mets”ə keçib.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

23 yaşlı forvardla 3 illik (2026-cı ilin 30 iyununa kimi) müqavilə imzalanıb. “Mets” bu transfer üçün Belçika klubuna 400 min avro ödəyib.

Saymon Elisor peşəkar karyerasına “İstr” klubunda başlayıb. O, “Ayaçço”, “Set”, “Vilfranş” və “Laval” klublarının da formasını geyinib. Fransalı hücumçu “Seren”də 16 oyuna çıxıb, 1 qol vurub.

“Mets” öz yarımmüdafiəçisi Şeyx Sabali ilə də yeni müqavilə bağlayıb. Seneqaldan olan 24 yaşlı futbolçu ilə sözləşmənin müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub. O, indiyə qədər “Mets”də 40 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Sabali “Po”, “Keviyi Ruan”, “Jenerasyon Fut” kimi klubların da formasını geyinib.

“Mets” iki futbolçusu ilə də yollarını ayırıb. Seneqaldan olan hücumçu Lamine Qeye “Paris”ə transfer olunub. 25 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, “Mets”də 73 oyun keçirib, 6 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Paris”də icarədə də olmuş futbolçu “Po”, “Jenerasyon Fut” klublarının da formasını geyinib.

“Mets” digər hücumçusu Culiano Skukanı isə Sloveniyanın “Maribor” klubuna icarəyə verib. Albaniyadan olan 24 yaşlı forvard qarşıdakı mövsümün sonuna kimi “Maribor”da icarədə oynayacaq. O, Fransa klubunda cəmi 9 matça çıxsa da, fərqlənə bilməyib. Skuka “Partizani”, “Korabi” və “Dinamo” (Tirana) kimi klublarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: