“Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldo Portuqaliya yığmasındakı karyerasını bitirmək fikrində olmadığını bildirib.
Arena.az “Record”a istinadən Kristiano Ronaldonun bu xüsusda fikrini diqqətinizə çatdırır:
“Mənim Portuqaliya yığmasındakı gələcəyim? Həmişə sübut edəcəyim var. Sübut edəcək heç nəyimiz olmayanda bu, bizim ruhən ölü olduğumuzun əlamətidir. Hər il həmişə sübut edəcəyim var. 38 yaşımda uzunömürlülük nümunəsi göstərə bildiyimi sübut edərək, hələ də faydalı işlər görə biləcəyimi düşünürəm. Qısaca olaraq nə? Qollar, məhsuldar ötürmələr, seçmə turnirdə yaxşı iştirak, təsnifat mərhələsində yaxşı çıxış, yaxşı Avropa çempionatı.
21 illik karyeramda etdiklərimi, yəni futboldan həzz almağı davam etdirmək fikrindəyəm. Mən hələ də özümü faydalı və vacib hiss edirəm. Mən həyatda ən çox bəyəndiyim futboldan həzz almağa davam edirəm”, – deyə Ronaldo vurğulayıb.
Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində ən çox oyun keçirmiş (200 oyun) və ən çox qol vurmuş (123 qol) oyunçudur. Portuqal ulduz həmçinin hər iki göstəricidə mütləq dünya rekordçusudur.
Kristiano Portuqaliya yığması ilə 2016-cı il Avropa çempionatının, 2018/2019 mövsümü UEFA Millətlər Liqasının qalibi olub. Ulduz futbolçu həmçinin AÇ-2004-ün gümüş, AÇ-2012-nin bürünc, 2017-ci il FIFA Konfederasiyalar Kubokunun bürünc və DÇ-2006-nın fəxri mükafatçısıdır.


