Futbol üzrə Kosta-Rika milli komandasının Kolumbiyadan olan baş məşqçisi Luis Fernando Suares istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Kosta-Rika Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, İcraiyyə Komitəsinin yekdil qərarına əsasən, Luis Fernando Suares daha milli komandanın məşqçisi kimi çalışmayacaq. Ona gələcək karyerasında uğurlar arzulanıb. Yeni baş məşqçinin adının yaxın vaxtlarda açıqlanacağı diqqətə çatdırılıb.
63 yaşlı mütəxəssis 2021-ci ildən Kosta Rika millisinin baş məşqçisi vəzifəsində çalışırdı. Suaresin rəhbərliyi altında komanda 36 oyun keçirib, 17 qələbə qazanıb, 12 məğlubiyyət alıb və 7 dəfə heç-heçə edib.
Təcrübəli məşqçi daha öncə Ekvador (2004-2007) və Honduras (2011-2014) yığmalarına da rəhbərlik edib. O, “Atletiko Nasional”, “Deportivo Kali”, “Deportes Tolima”, “Aukas”, “Deportivo Pereyra”, “Xuan Aurix”, “Universitario”, “Dorados de Sinaloa”, “La Ekvidad”, “Junior” və “Atletiko Bukaramanqa” kimi klublarda da çalışıb.


