Futbol üzrə ABŞ yığmasının və İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Oston Trasti “Şeffild Yunayted”ə keçib.
Arena.az xəbər verir ki, London təmsilçisi 24 yaşlı futbolçunu Premyer Liqanın yeni iştirakçısına 5,8 milyon avroya satıb.
Bu barədə sözügedən klublar rəsmi açıqlama yayıblar. Mərkəz müdafiəçisi yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
Xatırladaq ki, Oston Trasti “Arsenal”a ötən ilin yanvar ayında ABŞ-ın “Kolorado” klubundan 1,8 milyon avro qarşılığında keçmişdi. Lakin İngiltərə nəhəngi onun xidmətindən bir oyunda da yararlanmayıb. Əvvəlcə “Kolorado”ya icarəyə verilmiş futbolçu ötən mövsümü də “Birmingem Siti”də icarədə keçirib. Trasti ABŞ milli komandasında da cəmi 2 matça çıxıb.

Yeri gəlmişkən, “Şeffild Yunayted” Belçikanın “Lommel” klubunun dayaq yarımmüdafiəçisi Vinisius Souzanı da heyətinə cəlb edib. Premyer Liqa klubu 24 yaşlı braziliyalının keçidi üçün 12 milyon avro xərcə düşüb. Vinisius da yeni klubu ilə 4 illik anlaşıb.
Vinisius Souza “Flamenqo”nun yetirməsidir. O, “Lommel”ə 2020-ci ilin sentyabrında 2,5 milyon avro qarşılığında keçmişdi. Yarımmüdafiəçi Belçika klubunda cəmi 19 oyun keçirib. O, 2021/2022 mövsümünü “Mexelen”də, ötən mövsümü isə “Espanyol”da icarədə keçirib. Souza Braziliyanın U-20 yığmasında da çıxış edib.

“Şeffild Yunayted” öz dayaq yarımmüdafiəçisi Sander Bergeni isə “Börnli”yə satıb. 25 yaşlı norveçli futbolçu yeni klubu ilə 4 illik müqavilə imzalayıb. “Börnli” bu transfer üçün “Şeffild Yunayted”ə 13,9 milyon avro ödəyib. Halbuki, “Şeffild Yunayted” onu 2020-ci ilin yanvarında Belçika “Gent”indən 25 milyon avroya transfer etmişdi. Norveç yığmasının üzvü İngiltərə klubunda 109 oyuna çıxıb, 15 qol və 12 assistlə yadda qalıb. O, “Genk”, “Valerenqa” və “Asker” kimi klubların da formasını geyinib, Norveç millisində 36 oyuna 1 qol vurub.



