Coy Lens-Mikels gedişi ilə “Sabah”a nə qədər qazandırdı?

Almaniyalı sol cinah vingeri Coy Lens-Mikels Azərbaycan təmsilçisi “Sabah”ı Səudiyyə Ərəbistanı “Əl-Faysal”ına dəyişdi.

Arena.az xəbər verir ki, bir müddət öncə Səudiyyə Ərəbistanından sərfəli təklif alan 29 yaşlı futbolçu “Sabah” rəhbərliyinin etirazına baxmayaraq, bu komandadan ayrılmağı üstün tutdu.

O, anlaşmada sərbəst olmaq hüququ verən məbləği ödəməklə “Sabah”la 2025-ci ilədək olan müqaviləsini birtərəfli qaydada pozdu. Artıq Azərbaycan klubunun bu satışdan nə qədər qazandığı da məlum olub. Əldə etdiyimiz məlumata görə, Mikelsin azad agentə çevrilməsi üçün “Sabah”a 300 min avro ödənilib.

Coy ötən gün “Əl-Faysal”la 2 illik müqaviləyə imza atıb. Mikelsin yeni klubunda azı 500 min dollar qazanacağı bildirilir. Bu isə onun “Sabah”dakı qazancından 2 dəfə çoxdur. Futbolçunun Azərbaycan klubunu da məhz buna görə tərk etdiyi bildirilir.

Xatırladaq ki, Coy-Lens Mikels 2021-ci ilin iyul ayından “Sabah”da çıxış edirdi. O, bu müddət ərzində meydana çıxdığı 69 oyunda 33 qol vurub, 20 məhsuldar ötürmə müəllifi olub.

Mönhenqladbah “Borussiya”sının yetirməsi olan futbolçu, bu klubla yanaşı, “Şalke”nin də ikinci komandasında forma geyinib. Daha sonra o, “Alemanniya” (Aahen), “Vakker” (Norhauzen), “Karl Tseyss” və “Maastrixt” kimi klubların da uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: