Futbol üzrə Belçika millisinin və Fransanın “Renn” klubunun sağ cinah vingeri Jeremi Doku İngiltərə çempionu “Mançester Siti”yə keçib.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə 5 illik – 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. “Mançester Siti” bu transfer üçün “Renn”ə 60 milyon avro ödəyəcək. Gənc futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Jeremi Doku 2020-ci ildən Fransa klubunda çıxış edirdi. Liqa 1 təmsilçisi onu həmin ilin oktyabrında yetirməsi olduğu “Anderlext”dən 26 milyon avro müqabilində transfer etmişdi. Doku “Renn”də bütövlükdə 92 matça çıxıb, 12 qol və 10 məhsuldar ötürmə müəllifi olub.
Doku 2020-ci ilin sentyabrında debüt etdiyi Belçika yığmasının heyətində də ümumilikdə 14 oyun keçirib, 2 qol vurub.
Yeri gəlmişkən, “Mançester Siti” mərkəz müdafiəçisi Aymerik Laporteni də Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna satıb. İngiltərə klubu 29 yaşlı fransız əsilli ispaniyalının satışından 27,5 milyon avro gəlir əldə edib. Təcrübəli müdafiəçi yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. O, bu komandada Kristiano Ronaldo, Sadio Mane, Seko Fofana, Aleks Telles, Otavio, Marselo Brozoviç və Anderson Talişka kimi ulduz futbolçularla çiyin-çiyinə oynayacaq.
Aymerik Laporte “Mançester Siti”yə 2018-ci ildə “Atletik”dən 65 milyon avroya keçmişdi. O, Premyer Liqa nəhəngində 222 oyuna çıxıb, 10 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Daha öncə yalnız yetirməsi olduğu “Atletik”də oynamış Laporte, İspaniya yığmasında 22 oyuna 1 qol vurub.


