“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne əfsanəvi yarımmüdafiəçilər arasında ən sevimlisinin adını çəkib.
Arena.az xəbər verir ki, De Bröyne bu barədə “Sky Sports”un “YouTube” kanalına müsahibəsində danışıb.
De Bröyneyə Luka Modriç, Andres İnyesta və Zinədin Zidan arasında seçim təklif edilib. Belçikalı yarımmüdafiəçi seçimini Zinədin Zidanın lehinə edərək fransalı ulduzu birinci, xorvat Luka Modriçi ikinci, ispan Andres İnyestanı isə üçüncü yerdə qərarlaşdırıb.
“Mən niyə məhz Zidanı seçdim? Əvvəllər futbol daha təmiz idi və mən şoulara və improvizasiyaya baxmaqdan həzz alırdım”, deyə De Bröyne seçimini əsaslandırıb.
Xatırladaq ki, bir müddət əvvəl Kevin De Bröyne ciddi zədə alaraq bir neçə aylığa sıradan çıxıb. Belçikalı yarımmüdafiəçi cari mövsümün birinci yarısını buraxmaq ehtimalı ilə üz-üzədir.
Ötən mövsüm De Bröyne Xosep Qvardiolanın “Mançester Siti”sində əvəzolunmaz lider idi. Belçikalı yarımmüdafiəçinin oyun quruculuğu, məhsuldar ötürmələri “şəhərlilər”in “trebl”ində – İngiltərə Premyer Liqasını, İngiltərə Federasiya Kubokunu və UEFA Çempionlar Liqasını qazanmasında müstəsna rol oynayıb.
Geridə qalmış 2022/2023 mövsümündə De Bröyne “Siti”nin heyətində 49 oyuna çıxıb, 10 qol vurub, 31 məhsuldar ötürmə verib.
Belçikalı futbolçunun “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir.
“Transfermarkt” internet-portalı 32 yaşlı Kevin de Bröyneni 70 milyon avro məbləğində qiymətləndirir.


