Portuqaliya yığması rekorda imza atdı

Ötən gecə doğma meydanda Lüksemburq millisi ilə qarşılaşan futbol üzrə Portuqaliya yığması tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, AÇ-2024-ün təsnifat mərhələsinin J qrupu çərçivəsində baş tutan oyunda meydan sahibləri 9:0 hesabı ilə qalib gəliblər.

Bu qələbə Portuqaliya yığmasının tarixində ən böyükhesablı qələbəsi kimi əlamətdar olub.

Oyun həqiqətən də ev sahibləri üçün futbol bayramına çevrilib: yeddi fərqli oyunçu qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Qollar hər zövqə uyğun vurulub: yüksək sürətli və mövqeli hücumlardan sonra, yaxın və uzaq künclərə, başla, oyundan və cərimə zərbəsindən. Qonaqların baş məşqçisi Lyuk Holts isə bu biabırçılığa şahidlik etməyə dözməyərək oyunun sonlarında yeraltı məkana yollanıb. Lüksemburq komandası iki oyuna Portuqaliya yığmasından 15 qol “yeyib”, ilk oyunda da portuqallar qalib gəlmişdilər – 6:0.

Bundan əvvəl portuqallar 1994-cü və 1999-cu illərdə Lixtenşteyn yığması üzərində iki dəfə 8:0 hesablı qələbə qazanmış, 2003-cü ildə də eyni hesabla Küveyt yığmasını darmadağın etmişdilər.

Lüksemburq yığması isə tarixində dördüncü dəfə 0:9 hesabı ilə məğlub olub. İlk dəfə Almaniya yığması Berlində (1936), sonralar isə İngiltərə yığması Lüksemburqda (1960) və Londonda (1982) “qırmızı şirlər”i yoluq-yoluq edib.

Hazırda ispan mütəxəssis Roberto Martinesin çalışdırdığı Portuqaliya yığması 6 oyundan mütləq nəticə – 18 xalla J qrupunda liderdir və ən yaxın izləyicisi Slovakiya yığmasını 5 xal qabaqlayır. Portuqallar 24 qol vurduqları bütün rəqibləri üzərində qələbə qazanmaqla yanaşı, bir qol belə, buraxmayıblar.

Xatırladaq ki, “Əl-Nəsr”ın superulduz hücumçusu və yığmanın kapitanı Kristiano Ronaldo bu tarixi oyunu cəzalı olduğu üçün tamaşaçı qismində seyr etməli olub.

“Bu komanda Kristianosuz qalib gəlməyə hazırdır”

Elə, bu arada komandanın ispan çalışdırıcısı Roberto Martines maraqlı açıqlaması ilə diqqət çəkib. Portuda nəşr edilən gündəlik idman qəzeti “O Jogo” Martinesin Kristiano Ronaldosuz Portuqaliya yığması haqda fikirlərini dərc edib:

“Ronaldosuz komanda daha yaxşı çıxış edir? Yox. Kristiano bu komandanın çox vacib hissəsidir, Pepe də həmçinin. Onların yoluxucu səviyyəsi və əməksevərliyi var və komandamıza böyük dəyər qatırlar. Bizə həmçinin Qonsalo Ramosa, həm də Dioqo Jotaya imkan vermək gərəkdir ki, onlar özlərinin nəyə qadir olduqlarını göstərsinlər. Ronaldonun təcrübəsi və xüsusi həyat tərzi var, bizim şübhələnməyə və ya müqayisə etməyə gərəyimiz yoxdur. Bu komanda Kristianosuz qalib gəlməyə hazırdır”, deyə Martines fikrini tamamlayıb.

Maraqlıdır ki, Ronaldo yığma komandada ən çox Lüksemburq yığmasına qarşı oyunda qol vurub. Buna qədər portuqal superulduz Lüksemburq yığmasının qapısından 11 top keçirib.

Ümumiyyətlə Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 201 oyun keçirib. O, bu oyunlarda 123 qol vurub, 43 məhsuldar ötürmə verib. Təcrübəli hücumçu yığmanın heyətində oyun və qol sayına görə mütləq dünya rekordçusudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: