“Milan”ın sabiq hücumçusu, özünəməxsus ünsiyyət və davranış tərzi ilə səciyyəvi olan isveçli ulduz Zlatan İbrahimoviç yenə gündəmə gəlib.
Arena.az “Sportface” dərgisinə istinadən “İbra”nın hoqqalarını diqqətinizə çatdırır:
“Mən tanrı olduğumu deyəndə, zarafat etdiyimi düşünürsünüz? Mən zarafat etmirəm. Odla oynamaq istəyirsiniz? Mən sizin odunuz olaram. Amma siz yanarsınız”, deyə Zlatan özünənməxsus şəkildə bildirib.
Üstəlik, İbrahimoviç kinoqəhrəman Ceyms Bonda da ilişib. “İbra” “Agent 007”-nin öhdəsindən gələ biləcəyini, amma bunun xərcinin baha olduğunu vurğulayıb:
“Mən Bondu məhv edərdim, amma mənim xidmətlərim çox bahadır, mən havayı işləmirəm”, deyə Zlatan eyham vurub.
Xatırladaq ki, Zlatan İbrahimoviç cari ilin yayında futbolçu karyerasına xitam verdiyini bəyan edib. 1999-cu ildə peşəkar futbolçu karyerasına başlamış “İbra” bu illər ərzində “Malmö”, “Ayaks”, “Yuventus”, İnter”, “Barselona”, “Milan”, PSJ, “Mançester Yunayted”, “Los-Anceles Qelaksi”də çıxış edib. İbrahimoviç karyerası boyunca 701 oyuna çıxıb, 442 qol vurub, 205 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Zlatan çoxlu müxtəlif kuboklar və fərdi mükafatlar qazansa da, heç zaman UEFA Çempionlar Liqasını qalibi ola bilməyib.
İbrahimoviç İsveç yığmasının heyətində 122 oyun keçirib, 62 qol vurub, 25 məhsuldar ötürmə verib.
Bu yaxınlarda İbrahimoviçin “Milan”a direktor kimi qayıdacağı haqda məlumat yayılmışdı.


