Futzal üzrə Azərbaycan millisinin baş məşqçi Vitali Borisov DÇ-2024-ün elit mərhələsində Qazaxıstana qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:4 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çətin oyun oldu. Rəqib yaxşı hazırlaşmışdı. 10 gün əvvəldən toplanışa yığışmışdılar. Uşaqlar mübarizə apardılar. Məncə, yaxşı oynadılar. Fikrimcə, hakim 3-cü qolda səhvə yol verdi. Oyunçumuz topu fitsiz başladığına görə referi yenidən fit verdi. Belədə topa yenidən toxunuş olmalı idi. Amma bizim dayanmağımıza baxmayaraq, rəqib futzalçı topu götürüb qapımıza qol vurdu. Halbuki bundan əvvəl belə bir epizod olmuşdu, hakim həmin epizodda oyunu yenidən başlatdı.
Qazaxıstan yığmasının qapıçısı da onlar üçün əlavə üstünlük qazandırır. Düzdür, qolu onun səhvindən vurduq. Amma İqitanın zərbələri çox futzalçıdan qüvvətli və dəqiq olur. Qazaxıstan millisinin 6 üzvü bir klubda, 11 oyunçusu isə eyni çempionatda oynayır.
Hazırlığa oktyabrın 2-də başlasaq da, tam heyətlə cəmi 2 gün məşq etdik. Oyunçular klublarından gec gəldilər. İlk məşqdə cəmi 6 oyunçumuz var idi. Yalnız son məşqdə tam heyətlə hazırlaşdıq”.
Xatırladaq ki, qrup mərhələsində növbəti turun oyunları oktyabrın 11-də baş tutacaq. Həmin gün Azərbaycan və Qazaxıstan yığma komandaları Astanada üz-üzə gələcəklər. Vitali Borisov cavab görüşü ilə də bağlı düşüncələrini bölüşüb:
“Cavab oyununda hazırlaşacağıq. Hər şey ola bilər. Felipinyo ikinci sarı vərəqə aldığına görə, cəzalı vəziyyətə düşdü. Sağ ayaqla oynayan 2 oyunçudan birini itirdik. Orada daha çətin olacaq. Çünki zal tam dolacaq və komandalarını qələbəyə səsləyəcəklər. Biz də meydana uduzmaq üçün çıxmayacağıq. Çünki rəhbərlik qarşımıza dünya çempionatına vəsiqə qazanmaq tapşırığı qoyub”.


