Alexandro Qomes dopinqə görə 2 illik diskvalifikasiya edildi

“Sevilya”nın sabiq futbolçusu, argentinalı sol vingeri Alexandro “Papu” Qomes dopinq qəbuluna görə 2 il müddətinə futboldan kənarlaşdırılıb.

Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Qomes 2022-ci ilin noyabrında müsbət dopinq test verib. Bütün bu müddət ərzində argentinalı futbolçunun dopinq işi ilə bağlı çək-çevir və araşdırmalar davam edib və Qomes 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında iştirak edərək, Argentina yığması ilə mundialın qalibi olub.

Alexandronun sözlərinə görə, özünü gecələr yaxşı hiss etmədiyindən, övladlarından biri üçün nəzərdə tutulmuş öskürək əleyhinə şərbəti içib. Qomes məlhəmi klub həkimləri ilə öncədən razılaşmadan qəbul etdiyini etiraf edib.

Xatırladaq ki, sentyabrın 1-də “Sevilya” klubu Alexandro Qomeslə müqaviləyə xitam verdiyini açıqlamışdı. Argentinalı hücumçunun klubla müqaviləsi 2023/2024 mövsümünün sonuna qədər qüvvədə olub.

Qomes “Sevilya”nın heyətində ümumilikdə 90 oyuna çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə verib və geridə qalmış 2022/2023 mövsümdə Avropa Liqasının qalibi olub.

Sentyabr ayının 29-da isə veteran hücumçu azad agent qismində “Montsa”ya keçib. Cari mövsümdə Qomes italyan komandasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Alexandro Qomes 2017-ci ilin iyununda debüt etdiyi Argenyina yığmasının heyətində 17 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. Veteran hücumçu yığma komanda ilə 2021 Amerika Kubokunun, 2022 FIFA Dünya Kubokunun, 2022 Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub. Qomes həmçinin 2007 U-20 FIFA Dünya Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 35 yaşlı Alexandro “Papu” Qomesi 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: