Messinin gəlişi ilə MLS-də orta ziyarətçi sayı rekord həddə yüksəlib

Amerikan Liqası MLS-in oyunlarında stadiona gələn ziyarətçilərin orta hesabla sayı özünün rekord həddinə yüksəlib.

Arena.az bu barədə turnirin rəsmi “X” hesabı üzərindən dərc etdiyi məlumata əsasən xəbər verir.

Vurğulanır ki, tamaşaçı sayında artım Argentina yığmasının kapitanı, superulduz hücumçu Lionel Messinin “İnter Mayami”yə keçidindən sonra müşahidə edilməyə başlayıb. Bu müddətdə MLS oyunlarını orta hesabla 22111 tamaşaçı izləyib ki, bu da rekord göstəricidir.

2022-ci ildə tamaşaçıların sayı orta hesabla 21033 nəfər təşkil edib ki, bu da koronavirus pandemiyası zamanı mövsümlər istisna olmaqla, 2014-cü ildən bəri ən pis göstərici olub.

Lionel Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu Leo ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunu qazanıb.

Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 178 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: