Portuqaliya yığmasının ulduzu, hücumçu Kristiano Ronaldo milli komanda səviyyəsində müstəsna nailiyyət əldə edib.
Arena.az bu barədə “Stats Foot” dərgisinə istinadən məlumat verir.
2024-cü il Avropa çempionatının seçmə turnirinin qrup mərhələsinin 9-cu tur oyununda Ronaldo Portuqaliya millisinin heyətində Lixtenşteyn yığmasına qol vurub. Beləliklə Ronaldo futbol tarixində 38 yaşında milli komandanın heyətində ən azı 10 qol vurmuş ilk futbolçu olub.
Xatırladaq ki, Portuqaliya yığması 2024-cü il Avropa çempionatına vəsiqəsini vaxtından əvvəl təmin edib. 27 xal toplamış portuqallar “J” qrupunun liderləridir. Sonuncu, 10-cu turda Portuqaliya millisi İslandiya yığması ilə qarşılaşacaq. Oyun noyabrın 19-da Lissabonda, “Xose Alvalade” stadionunda keçiriləcək.
Vurğulayaq ki, hazırda Kristiano Ronaldo 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində vurduğu 10 qolla, turnirin ən sərrast futbolçusu adını Belçika yığmasının mərkəz hücumçusu Romelu Lukaku ilə bölüşür.
Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 17 oyuna çıxıb, 16 qol vurub, 9 məhsuldar verib.
Ronaldo “Nəcd cəngavərləri” ilə Ərəb Klub Çempionlar Kubokunu (2023) qazanıb və Səudiyyə Ərəbistanı Peşəkar Liqasının gümüş mükafatçısı (2022/2023) olub.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 204 oyun keçirib, 128 qol vurub və 45 məhsuldar ötürmə verib.
Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. O, yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.
“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.


