Lionel Skaloni Argentina millisindən ayrılır?

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Braziliya ilə oyunu (1:0) şərh edib.

Arena.az Argentina yığmasının mətbuat xidmətinə istinadən Skaloninin bu barədə fikirlərini təqdim edir:

“Mən bu uşaqlara rəhbərlik etməkdən və belə bir komandamın olmasından böyük qürur duyuram. Yenidən yarışdıq, onlardan istədiyimiz və tələb etdiyimiz də budur. Bu, gözəl qələbədir, amma Qətərdə əldə etdiyimizlə müqayisə olunmur. Özünüz də bilirsiniz ki, burada qalib gəlmək asan deyil, amma biz bunu bacardıq. Düşünürəm ki, bu komanda bir neçə dəfə xislət nümayiş etdirib. Bu, əzmkarlıq və xasiyyət daşıyan brenddir”, deyə argentinalı mütəxəssis vurğulayıb.

Daha sonra Skaloni Argentina yığmasındakı gələcəyi haqda danışaraq, hansısa müəyyən qərara gəlməli olduğunu bildirib:

“Demək istədiyim vacib bir şey odur ki, topu dayandırıb düşünməliyəm. Bu zaman düşünməli olduğum çox şey var. Bu futbolçular mənə və bütün məşqçilər qərargahına çox şey verdilər. Bundan sonra nə edəcəyimi ciddi şəkildə düşünməliyəm.

Əlvida-filan deyil, amma tələb çox yüksək olduğu üçün bu haqda düşünməliyəm. Qazanmağa davam etmək həqiqətən çətinləşir və bu uşaqlar bunu daha da çətinləşdirirlər. Düşünmək vaxtıdır. Mən bu barədə prezidentlə (Argentina Futbol Federasiyasının prezidenti – redaktorun qeydi) və oyunçularla danışacağam, çünki bu komandaya bütün mümkün enerjiyə malik məşqçi, mükəmməl qaydada olan məşqçi lazımdır”, deyə Lionel Skaloni yığmadan ayrılacağını düşünməyə əsas verən səpgidə danışıb.

Braziliya ilə oyun zamanı meydanda olan “TyC Sports” jurnalisti Xoakin Bruno tərəfindən təqdim edilmiş əhəmiyyətli bir məqam isə Skalonin yığmadan ayrılmaq istəyində olduğunu düşünməyə aşkar əsas verir. Beləki, Lionel Skalonini birlikdə “son şəkil” çəkdirmək üçün oyun bitdikdən sonra məşqçi heyətindən meydana qayıtmasını istəyib. Məşqçilər nadir hallarda belə davranırlar. Xüsusən, həqiqətən yaddaqalan anlarda, məsələn, qənimət qazandıqdan sonra.

Qələbə sayəsində Argentina yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsinin CONMEBOL zonasının turnir cədvəlində 6-cı turdan sonra 15 xalla liderdir. Braziliya millisi isə 7 xalla 6-cı pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: