Fransa polisi “Nitsa”nın əlcəzairli sağ cinah müdafiəçisi Yusef Atalı etnik ədavəti qızışdırmaqda şübhəli bilərək həbs edib.
Arena.az “Nice Matin” dərgisinə istinadən məlumat verir ki, həbs noyabrın 24-də icra edilib.
Həbs tədbirinin səbəbi Qəzza zolağında Fələstin-İsrail münaqişəsi mənzərəsində “yəhudilər üçün qara gün” çağırışı edən bir təbliğatçının videosunun futbolçu tərəfindən yayılmasıdır.
Daha əvvəl Yusef Atal bu videonu dərc etdiyinə görə artıq üzr istəmişdi. Buna rəğmən, Fransa Liqa 1-i əlcəzairli futbolçunu 7 oyunluq cəzalandırmışdı. Atal bu dərci silmiş, klub isə növbəti bildirişə qədər futbolçunu klubdan kənarlaşdırmaq haqda qərar qəbul etmişdi.
Hazırda futbolçunun həbsindən sonra hadisələrin inkişafı təxmin edilir.
Xatırladaq ki, Qəzza zolağına nəzarət edən Fələstinin HƏMƏS hərəkatı 2023-cü il oktyabrın 7-də İsrailə hücum edib. Bunun müqabilində İsrail hadisəni “müharibə” adlandıraraq qarşı tərəfə hərbi üsulla cavab verib.


