Kristiano Ronaldo qadın futbolu haqda: “Oynamağa gəlin!”

“Əl-Nəsr”in portuqal hücumçusu Kristiano Ronaldo qadın futbolunun inkişafı haqda söhbət açaraq, bu məsələyə dəstək nümayiş etdirib.

Arena.az bu barədə “Record” nəşrinə istinadən məlumat verir.

Ulduz futbolçu Portuqaliyada qadın futbolunun inkişafına həsr edilmiş “Gala das Campeas” tədbirində oxunmuş “ismarış” ünvanlayıb:

“Portuqaliya bizim vətənimizdir, o, taleyin sınaqlarına boyun əyməyənlərə və mümkün olmayana ümidlə böyüyənlərə məxsusdur. İş o yerə çatıb ki, indi qadın futbolu tirə tuş gəlməkdən qurtulub. Çünki bu gün bu futbol qollar vurur, ölkənin hər yerində insanları ovsunlayır və qızlara qorxmadan deyir: “Oynamağa gəlin!”
Bayramda bütün bunları düşünmək qürurvericidir. Portuqaliya kimi özünəməxsus və xüsusi bir yerdə qadın futbolunu qeyd edəcək, mükafatlandıracaq, vurğulayacaq və əbədiləşdirəcək bir çox tədbirlərdən birincisidir!

Gəlin (qadın futbolunu təbliğ etmək üçün – redaktorun şərhi) birlikdə mübarizə aparaq. Təkcə bu gün deyil, hər gün. Qızların getdikcə daha çox sahələrə ehtiyacı var, onlara ehtiyac var. Böyük qürur hissi ilə sizi (futbolçuları – redaktorun qeydi) qucaqlayıram və gələcəkdə böyük enerji ilə sizə dəstək olacağam. Hamınızı tarixin ən böyük mükəlləfiyyətinə səsləyirəm: gəlin və oynayın!” – Ronaldonun çağırışında deyilir.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Kristianonun ərəb klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində bütün yarışlarda 19 oyuna çıxıb, 18 qol vurub, 9 məhsuldar verib.

Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: