Lionel Skaloni milli ilə bağlı qərarını Lionel Messiyə bildirdi

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni kapitan Lionel Messiyə “albiseleste”nin baş məşqçisi kimi qalması haqda qərarını bildirib.

Arena.az bu məlumatın jurnalist-insayder Esteban Edul tərəfindən Argentina yığmasının düşərgəsindəki mənbədən əldə edildiyini bildirir.

Mənbə bildirir ki, Argentina yığmasının baş məşqçisi Lionel Skaloni komandanın hücumçusu və kapitanı Lionel Messi ilə görüşəcək. O, yüksək nəticələr əldə etməyə davam etməsi üçün “albiseleste”nin heyətində hansı dəyişikliklərin edilə biləcəyini kapitanla müzakirə etmək niyyətindədir.

Vurğulanır ki, Skaloni ilə Messi arasında görüş yaxın günlərdə baş tutacaq.

45 yaşlı mütəxəssis 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 6-cı turunun Braziliya ilə oyunundan (1:0) sonra yığmanın baş məşqçisi vəzifəsində fəaliyyətini davam etdirəcəyinə şübhə etdiyini bildirmişdi.

Lionel Skaloni 2018-ci ilin avqust ayından Argentina yığmasına rəhbərlik edir. Argentialı mütəxəssis “albiseleste”ni 66 oyuna çıxarıb. O, bu oyunlarda 48 qələbə qazanıb, 12 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.

Argentina yığması Skaloninin rəhbərliyi altında Qətərdə keçirilmiş 2022 FIFA Dünya Kubokunun, 2021 Amerika Kubokunun, 2022 Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

Vurğulayaq ki, futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçi Argentina yığmasına 28 il sonra ilk dəfə Amerika Kuboku, 36 il sonra isə dünya çempionluğu sevinci yaşadıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: