Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) 2023-cü ilin ən yaxşı oyunçusu adına qadın futbolçulardan namizədlərini açıqlayıb.
Arena.az məlumat verir ki, FIFA-nın 2023-cü ilin ən yaxşı qadın futbolçusu mükafatına “Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati, “Real”ın futbolçusu Linda Kaysedo və İspaniya yığmasının futbolçusu Cennifer Ermoso iddia edəcəklər.
Oktyabrın 30-da “Barselona”nın yarımmüdafiəçisi Aytana Bonmati 2023-cü il Qadınlar arasında “Qızıl top”un qalibi olub. Bu mövsüm 25 yaşlı ispan xanım “Barselona”nın heyətində 14 oyuna iştirak edib, 8 qol vurub və 6 məhsuldar ötürmə verib.
18 yaşlı kolumbiyalı Kaysedo “Real”ın heyətində 12 oyuna çıxıb, 1 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Paçuka”da çıxış edən 33 yaşlı Errmoso Meksika çempionatında 9 oyun keçirib və 3 qol vurub.
Mükafatın təqdimatında 1 avqust 2022-ci il və 20 avqust 2023-cü il tarixləri arasında (qadınlar arasında dünya çempionatının finalının keçirildiyi tarix) qadın futbolçuların çıxışı əsas götürülür. Ən yaxşı qadın futbolçunun müəyyənləşdirilməsi və qalibin təltifatı 15 Yanvar 2024-cü ildə Londonda keçiriləcək mərasimdə elan ediləcək.
Xatırladaq ki, İspaniyanın qadınlardan ibarət komandası 2023-cü il futbol üzrə dünya çempionatının qalibi olub. Komanda oyunçularına qızıl medalların təqdim edilməsi zamanı İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Luis Rubiales Cennifer Ermosonun dodaqlarından öpüb. Bu hadisədən sonra futbol məmuru şiddətli ictimai qınağa məruz qalıb. Nəticədə o, vəzifəsindən istefa vermək məcburiyyətində qalıb, FIFA isə Rubialesin 3 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılmasına qərar verib.


