MLS təmsilçisi “İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi Argentinada ilin ən yaxşı idmançısı seçilib.
Arena.az bu barədə “Qızıl Olimpiya” mükafatının rəsmi “X” sosial şəbəkə hesabına istinadən məlumat verir.
“Leo” üçün bu mükafat 4-cü olub. Müvafiq mükafatı Lionel Messidən daha çox heç bir idmançı qazanmayıb. Eyni zamanda, ən yaxşı qadın idmançı 3000 metr məsafəyə maneələrlə qaçış üzrə ixtisaslaşmış qaçışçı Belen Kasetta seçilib. 2023 Panamerika Oyunlarında Kasetta 9 dəqiqə 39,47 saniyə nəticə göstərərək Cənubi Amerika rekordunu müəyyənləşdirib.
Messi cari ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Messi “İnter Mayami”nin heyətində 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmanın heyətində 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığmanın heyətində Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.
Xatırladaq ki, oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.
“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messini 35 milyon avro məbləğində qiymətləndirir.


