Ole Qunnar Sulşer “Beşiktaş”ı çalışdıra bilər

“Beşiktaş” son olaraq “Mançester Yunayted”i çalışdırmış Ole Qunnar Sulşer ilə baş məşqçi postu üçün danışıqlara başlayıb.

Arena.az xəbər verir ki, Rıza Çalımbayla yollarını ayırmış İstanbul klubu bu posta norveçli mütəxəssisi gətirə bilər.

Türkiyə mətbuatının iddiasına görə, Sulşer “qara qartallar”dan 1,5 illik müqavilə təklifi alıb.

Məşqçilik karyerasına “Mançester Yunayted”in hücumçu məşqçisi kimi başlayan Sulşer daha sonra “qırmızı şeytanlar”ın əvəzedici komandasını çalışdırıb. 2018-ci ildə İngiltərə nəhənginin əsas komandasının müvəqqəti baş məşqçisi təyin olunan 50 yaşlı mütəxəssis 2019-cu ildə uzunmüddətli müqavilə imzalayıb. O, 2 il – 2019-cu ilin martından 2021-ci ilin noyabrında qədər Mançester təmsilçisinin baş məşqçisi olub. Bu müddətdə komanda onun rəhbərliyi altında 149 oyun keçirib, 78 qələbə qazanıb, 33 heç-heçə edib, 38 məğlubiyyətə üzülüb.

Sulşerin “qırmızı şeytanlar”ın sükanı arxasında ən böyük uğuru 2020/2021 mövsümü Avropa Liqasının final olub. Həlledici görüşdə “Mançester Yunayted” əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış oyunu penaltilər silsiləsində “Vilyarreal”a 10:11 hesabı ilə uduzaraq əldən verib.

Norveçli mütəxəssis məşqçilik karyerası ərzində “Molde” və “Kardiff Siti”də də çalışıb. O, 2021-ci ilin noyabrından işsizdir.

Xatırladaq ki, uğursuz mövsüm keçirən “Beşiktaş” hazırda Türkiyə Super Liqasında 16 oyuna topladığı 26 xalla 5-ci sırada qərarlaşıb. “Qara qartallar” 8 qələbə qazandıqları halda, 2 heç-heçə ediblər, 6 məğlubiyyətə üzülüblər. Komandanın top fərqi isə belədir – 23:22.

Nihad Əsədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: