Futbol üzrə Gürcüstan yığmasının və Niderlandın “Ayaks” klubunun hücumçusu Georges Mikautadze yenidən “Mets”ə qayıdıb.
Arena.az xəbər verir ki, Fransa klubu 2023/2024 mövsümünün əvvəlində 16 milyon avroya satdığı sabiq forvardını icarə əsasında heyətinə qatıb.
Bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. 23 yaşlı futbolçu satınalma şərti ilə bu mövsümün sonuna kimi icarəyə götürülüb.
Xatırladaq ki, Georges Mikautadze Fransada dünyaya göz açıb və peşəkar karyerasına da məhz “Mets”də başlayıb. O, 2020-2022-ci illər aralığında “Sirinq”də icarədə də olub. Gürcü forvard “Mets”də vaxtilə 45 oyuna çıxıb, 26 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub. O, 2023-cü ilin avqust ayında transfer edildiyi “Ayaks”da 9 oyuna çıxsa da, fərqlənə bilməyib.
Mikautadze 2021-ci ilin mart ayında debüt etdiyi Gürcüstan milli komandasında 22 oyun keçirib, 9 qola imza atıb.
Yeri gəlmişkən, “Mets”in dayaq yarımmüdafiəçisi Habib Maiqa da Macarıstanın “Ferentsvaroş” klubuna keçib. Liqa 1 təmsilçisi 28 yaşlı futbolçunun satışından 400 min avro qazanıb. Onun yeni klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır.
Habib Maiqa 2018-ci ildən “Mets”in uğurları üçün çalışırdı. Kot d’Ivuar yığmasının da üzvü olan yarımmüdafiəçi Fransa klubunun heyətində 140 oyuna çıxıb. O, bu oyunlarda 7 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.
Maiqa Fransanın “Sent Etyen” və Rusiyanın “Arsenal” (Tula) klublarının da formasını geyinib. O, ölkəsinin milli komandasında da 13 oyun keçirib.


