Dorival Junior Braziliya millisinin yeni baş məşqçisi təyin edildi

“San-Paulo”nun sabiq çalışdırıcısı, braziliyalı mütəxəssis Dorival Junior Braziliya millisinin baş məşqçisi vəsifəsinə təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti məlumat yayıb.

Dorivalın “selesao”nun baş məşqçisi vəzifəsinə təyinatı ilk dəfə “San-Paulo” tərəfindən elan edilmişdi. Belə ki, 61 yaşlı mütəxəssis yanvarın 7-də bu komandanın baş məşqçisi vəzifəsini tərk etmişdi.

Ötən gecə Braziliya Futbol Konfederasiyası da bu məlumatı təsdiqləyib. Qurumdan bildiriblər ki, Dorival cümə axşamı CBF-in Rio-de-Janeyrodakı mənzil-qərargahında rəsmi olaraq futbol ictimaiyyətinə təqdim ediləcək.

CBF rəhbərliyi belə hesab edir ki, Dorivalın zəngin təcrübəsi bir sıra gözlənilməz, zəif nəticələrdən sonra “pentakampeonlar”ın dirçəlməsinə təkan verəcək. CBF Dorivalın müqaviləsinin müddətini dəqiqləşdirməsə də, Braziliya mətbuatı mütəxəssisin ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi 2026-cı il Dünya Çempionatına qədər vəzifəsini icra edəcəyini təxmin edir.

Dorival bu vəzifədə yanvarın 5-də istefaya göndərilmiş Fernando Dinisi əvəzləyib. Dinisin rəhbərliyi altında Braziliya millisi 6 oyuna çıxıb, 2 qələbə qazanıb, 1 heç-heçə edib, 3 dəfə isə məğlub olub.

Dorival Junior məşqçilik karyerası ərzində çoxlu klub çalışdırıb. Onun rəhbərlik etdiyi komandalar arasında “Flamenqo”, “Seara”, “Atletiko Paranaense”, “Santos”, “Palmeyras”, “Fluminense”, “Vasko da Qama”, “İnternasional”, “Atletiko Mineyro”, “Koritiba”, “Kruzeyro”, “San Kaetano”, “Avai”, “Sport Resife”, “Yuventude”, “Krisiuma”, “Fortaleza”, “Fiqeyrense” də var.

Vurğulayaq ki, Braziliya millisinin təsis edildiyi gündən bəri milli komandanın sükanı arxasında həmişə yerli mütəxəssislər dayanıblar. Bu da özünəməxsus bir rekorddur. Həmçinin əlavə edək ki, ötən əsrin ilk yarısında “selesao”nu bir neçə dəfə bir neçə mütəxəssisdən ibarət məşqçilər qərargahı çalışdırıb. Bu da zamanında Braziliya futboluna xas əcaibliklərdən biri kimi qiymət alıb.