Braziliya millisinin yeni baş məşqçsi Dorival Junior vəzifəsinə keçər-keçməz komandada yeni islahatlara başlayıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, o, “selesao”nun ulduz hücumçusu Neymarın ciddi zədə səbəbindən meydana çıxmamasına rəğmən, Braziliya millisinin yaxşı nəticə göstərməli olduğunu bildirib:
“Braziliya zədəli olduğunu nəzərə alaraq Neymarsız irəli getməyi öyrənməlidir. Eyni zamanda, hazırda üç ən yaxşı futbolçudan biri hesab edilən birindən necə istifadə edəcəyimizi də bilməliyik”.
Xatırladaq ki, Dorival Junior yanvarın 10-da Braziliya millisinin sükanı arxasına gətirilib. Braziliya Futbol Konfederasiyası (CBF) Dorival Juniorla müqavilə müddətini açıqlamasa da, yerli mətbuat mütəxəssisin 2026-cı il dünya çempionatına qədər “selesao”nu çalışdıracağını təxmin edir.
Neymara gəlincə, ulduz futbolçu 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə alıb. Cərrahi əməliyyatdan uğurla çıxmış Neymar hazırda çətin bərpa prosesi keçir.
Neymar cari ilin yay transfer pəncərəsində PSJ-dən “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan bir il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.
Cari mövsümdə Neymar “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb. Təcrübəli oyunçu Səudiyyə Ərəbistanı təmsilçisində cəmi 1 qol vurub, 3 məhsuldar ötürmə verib.
Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib. O, bu oyunlarda 79 qol vurub, 58 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı braziliyalı vingerin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


