Bu qış fasiləsində “Şamaxı”dan ayrılan hücumçu Emil Qasımovla yarımmüdafiəçi Rövşən Şahmuradov “Karvan”la anlaşıblar.
Arena.az xəbər verir ki, bu barədə Yevlax klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, həm 25 yaşlı yarımmüdafiəçiylə, həm də 24 yaşlı hücumçu ilə cari mövsümün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
2022-ci ilin iyul ayından “Şamaxı”da çıxış edən Rövşən Şahmuradov daha öncə “Turan Tovuz” və “Qaradağ Lökbatan”da da çıxış edib. Emil Qasımov isə 2022-ci ilin dekabrından “Şamaxı”da idi. O, daha öncə “Kəpəz” və “Sabah”ın da formasını geyinib.
“Karvan” müdafiəçi Xəyal Əmirlini də transfer edib. Onunla da mövsümün sonuna kimi müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi İkinci Liqa təmsilçisi Ağdaşdan transfer edilib. O, 2023-cü ilin sentyabr ayından bu klubun uğurları üçün çalışırdı. Xəyal daha öncə “Qəbələ”, “Zaqatala” və “Qaradağ Lökbatan”da da oynayıb.
Yeri gəlmişkən, Elmar Qasımovla Rövşən Şahmuradovu yola salmış “Şamaxı” da heyətinə yeni futbolçu cəlb edib. Şamaxının eyniadlı klubu “Mingəçevir”dən ayrılmış yarımmüdafiəçi Roman Hüseynovu heyətinə qatıb. 26 yaşlı mərkəz yarımmüdafiəçisi ilə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. 2022-ci ilin “Mingəçevir”də çıxış edən Roman Hüseynov bu qış fasiləsində sözügedən klubdan ayrılmışdı. O, daha öncə “Kəöəz”, “Sumqayıt” və “Qəbələ”də də forma geyinib.
“Mingəçevir” Roman Hüseynovdan sonra Tural Məmmədzadə ilə də müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Mingəçevirin eyniadlı klubu Turala xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Lakin hələlik Turalın karyerasını harada davam etdirəcəyi bilinmir.


