Lionel Skaloni Argentina yığması ilə bağlı qərarını verdi

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni bir ara yollarını ayırmaq istədiyi yığmadakı karyerası ilə bağlı qərarını verib.

Arena.az xəbər verir ki, əvvəllər Argentina yığmasını çalışdırmağa davam edəcəyinə şübhə ilə yanaşan Skaloni yayda keçiriləcək Amerika Kubokunda çalışdırdığı kollektivin sükanı arxasında qalacaq.

Skaloni bu günlərdə Argentina Futbol Assosiasiyasının (AFA) rəhbəri Klaudio Tapia ilə növbəti görüş keçirib. Argentina mətbuatının iddiasına görə, görüş müsbət keçib. Çox güman ki, AFA rəsmilərindən biri cari həftə ərzində Skaloninin Argentina yığmasını çalışdırmağa davam etmək qərarını rəsmən açıqlayacaq.

Xatırladaq ki, Lionel Skaloni 2018-ci ilin avqust ayından Argentina yığmasına rəhbərlik edir. Argentialı mütəxəssis “albiseleste”ni 66 oyuna çıxarıb. O, bu oyunlarda 48 qələbə qazanıb, 12 heç-heçə edib və 6 məğlubiyyətə üzülüb.

Argentina yığması Skaloninin rəhbərliyi altında Qətərdə keçirilmiş 2022 FIFA Dünya Kubokunun, 2021 Amerika Kubokunun, 2022 Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.

Vurğulayaq ki, futbol ölçüləri ilə gənc sayıla biləcək məşqçi Argentina yığmasına 28 il sonra ilk dəfə Amerika Kuboku, 36 il sonra isə dünya çempionluğu sevinci yaşadıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: