Lionel Messinin DÇ-2022-də uğuruna aid serial yayımlanacaq

Lionel Messinin 2022-ci il dünya çempionatındakı qələbəsindən bəhs edən “The Rise of a Legend” serialının yeni treyleri yayımlanıb.

Arena.az məlumat verir ki, “Apple” şirkəti “Messinin Dünya Kuboku: Bir əfsanənin yüksəlişi” adlı sənədli serialının yeni treylerini yayımlayıb.

Serial tarixin ən uğurlu futbolçularından birinə – Lionel Messiyə həsr edilib.

Layihə Messinin FIFA Dünya Kubokunda necə iştirak etdiyini və 2022-ci ildə bu çempionluğu necə qazanmasından bəhs edir. Çəkiliş Paris, Qətər və Argentinada aparılıb.

Serialın müəllifləri Messinin gəncliyindən arxiv görüntülərini, idmançının özü, məşqçiləri və həmkarları ilə müsahibələri nümayiş etdirəcəklər.

“Messinin Dünya Kuboku: Bir əfsanənin yüksəlişi” serialının təqdimatı fevralın 21-də Apple TV+-da baş tutacaq. Serial dörd seriyadan ibarətdir.

Xatırladaq ki, “Leo” 2023-cü ilin yay transfer pəncərsində PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Amerikan kulubu təcrübəli futbolçu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçu “vağlar”la bu il Liqalar Kubokunun qalibi olub.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasının heyətində 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə Leo yığmanın mütləq rekordçusudur. Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Ötən il oktyabrın 30-da Messi karyerasında 8-ci “Qızıl top”a layiq görülüb. “Leo” daha öncə 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olmuşdu və bu mütləq rekorddur.

Həmçinin Messi bu il Argentinada ilin idmançısı seçilib və bu, “Leo”nun müvafiq mükafatla 4-cü təltifidir ki, bu göstərici yalnız Messiyə məxsus rekorddur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Lionel Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: