Futbol üzrə Portuqaliya milli komandasının yarımmüdafiəçisi Qonsalo Qedes icarədə olduğu “Benfika”dan ayrılıb.
Arena.az xəbər verir ki, 27 yaşlı vinger 2023-cü ilin avqustunda Portuqaliyanın “Benfika” klubuna icarəyə verilmişdi.
Lakin o, yetirməsi olduğu və uzun illər formasını geyindiyi bu klubdan erkən ayrılmağa qərar verib. Buna futbolçunun İspaniyanın “Vilyarreal” klubundan aldığı təklif səbəb olub. Belə ki, “Benfika”dan ayrılan Qedes bu mövsümün sonuna kimi “Vilyarreal”da icarədə olacaq.
Xatırladaq ki, Qonsalo Qedes məhz “Benfika”nın yetirməsidir. O, 2014-2017-ci illər aralığında bu klubun əsas komandasında meydana çıxdığı 68 oyunda 11 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub. Bu mövsüm isə o, bu komandada daha 15 oyun keçirib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
2017-ci ilin yanvarında Fransanın PSJ klubu 30 milyon avro qarşılığında Qedesi heyətinə cəlb edib. Amma o, Paris təmsilçisində meydana çıxdığı 13 oyunda cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb. Bu üzdən həmin ilin sentyabrında icarə əsasında İspaniyanın “Valensiya” klubuna keçib. 2018-ci ildə “Valensiya” 40 milyon avro ödəməklə onun transfer hüquqlarına da yiyələnib. 2022-ci ilin avqustunda isə 32.6 milyon avro qarşılığında “Valensiya”dan “Vulverhempton”a keçib. O, Premyer Liqa təmsilçisində 18 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. Qonsalonun İngiltərə klubu ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.
2015-ci ildən Portuqaliyanın əsas millisinə dəvət alan futbolçu, yığmada 32 oyuna 7 qol vurub.

Yeri gəlmişkən, “Vulverhempton” iki futbolçusunu da icarəyə verib. Premyer Liqa təmsilçisi 21 yaşlı ingilis yarımmüdafiəçisi Lyuk Kandlı “Stok Siti”yə, eyni yaşda olan uelsli vingeri Çem Kempbeli isə “Uikomb”a icarəyə göndərib. Hər iki futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.


