Belçikanın “Anderlext” klubunun fransalı qapıçısı Maksim Dupe bundan sonra “Nitsa”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
30 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transferin digər detalları açıqlanmayıb.
Maksim Dupe Fransanın “Nant” klubunun yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb, bir müddət “Klermon”da icarədə oynayıb. 2020-2023-cü illər aralığında “Tuluza”da forma geyinmiş təcrübəli qolkiper “Anderlext”ə bu mövsümün əvvəlində azad agent kimi qoşulmuşdu. O, Belçika klubunun heyətində cəmi 9 oyuna çıxıb, 7 qol buraxıb, 4 matçda isə qapısını toxunulmaz saxlayıb.
Vaxtilə Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Dupe, əsas millidə debüt şansı qazanmayıb.

Yeri gəlmişkən, “Nitsa” braziliyalı mərkəz müdafiəçisi Robson Bambu ilə də yollarını ayırıb. 26 yaşlı futbolçu Portuqaliyanın “Aruka” klubuna keçib. O, bu mövsümün sonuna kimi icarə əsasında bu komandanın formasını geyinəcək.
Robson Bambu “Nitsa”ya 2020-ci ilin iyul ayında Braziliyanın “Atletiko Paranaense” klubundan 8 milyon avro qarşılığında gəlmişdi. O, Liqa 1 klubunun heyətində cəmi 24 matça çıxıb. Fransa klubu müdafiəçini daha öncə “Korintians” və “Vasko da Qama”ya da icarəyə verib. Vaxtilə yetirməsi olduğu “Santos”da da oynamış Bambu, Braziliyanın U-20 və U-23 yığmalarında da forma geyinib. Amma mərkəz müdafiəçisi əsas millidə debüt şansı qazanmayıb.



