Misir millisinin yeni baş məşqçisi bilindi

Bir neçə gün öncə Ruy Vitoriya ilə yollarını ayırmış futbol üzrə Misir millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Arena.az xəbər verir ki, sözügedən komandaya bundan sonra misirli futbol mütəxəssisi Hossam Hassan rəhbərlik edəcək.

Bu barədə Misir Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 57 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmır.

Hossam Hassan 178 matçda 69 qolla Misir millisinin tarixində bütün zamanların ən çox qol vuran oyunçusudur. Son olaraq Misirin “Modern Future” komandasını çalışdırmış mütəxəssis daha öncə İordaniya yığmasına da rəhbərlik edib. Onun çaışdırdığı komandalar arasında “Əl-Məsri”, “Əl-İttihad” (Aleksandriya), “Smouha”, “Piramids”, “Zamalek”, “Misr Lel Makkasa”, “İsmaili”, “Telecom Egypt” də var.

Xatırladaq ki, Misir millisinə 2022-ci ilin iyul ayından Ruy Vitoriya rəhbərlik edirdi. Portuqal mütəxəssisin Misir Futbol Federasiyası ilə müqaviləsi 4 illik idi. Lakin sonuncu Afrika Millətlər Kubokunda uğursuz çıxış onun istefası ilə nəticələnib. Vitoriyanın rəhbərliyi altında bütövlükdə 18 oyun keçirmiş misirlilər 2 məğlubiyyətə üzülüblər, 4 heç-heçə ediblər, 12 qələbəyə seviniblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: