“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi MLS mövsümünün fasiləsində istirahəti ilə yanaşı pul qazanmağına da davam edir.
Arena.az “beIN Sport” dərgisinə istinadən məlumat verir ki, “Leo” və “Ted Lasso” serialındakı amerikan futbolunun məşqçisi rolu ilə tanınmış aktyor Ceyson Sudeykis qarşıdan gələn “Super Bowl” zamanı nümayiş etdiriləcək “Michelob Ultra” pivəsinin reklam siması olublar.
Mənbənin məlumatına görə, reklam çarxında onlardan başqa, NFL komandası “Mayami Dolfins”in sabiq ulduzu Den Marino da çəkilib.
Xatırladaq ki, “Super Bowl”da hissələr arasındakı fasilə zamanı nümayiş etdirilən reklam ABŞ-da ən bahalı hesab edilir, çünki nümayişin hər dəqiqəsi 15 milyon avro məbləğə başa gəlir.
“Kanzas-Siti Çifs” və “San-Fransisco Nayners” komandalarının qarşılaşacağı “Super Bowl” fevralın 11-də, Bazar günü Las-Veqasda keçiriləcək.
“Super Bowl” – amerikan futbolunda Amerika Birləşmiş Ştatlarının Milli Futbol Liqasının (NFL) çempionu adı uğrunda final oyunun adıdır. Oyun və bu oyunu illərlə müşayiət edən bayram, “Super Bowl” Bazar günü ABŞ-da feli olaraq milli bayrama çevrilib.


