Jerom Roten azarkeşləri Lionel Messini fitə basmağa səslədi

Fransa nəhəngi PSJ-nin fransız sabiq yarımmüdafiəçisi Jerom Roten maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Arena.az məlumat verir ki, Roten futbola haqda müəllif proqramının efirində 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında “İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messinin mümkün iştirakı haqda danışıb:

“Mən demirəm ki, Messi Argentina forması ilə özünü göstərmək üçün Parisə qayıdarsa, ona qarşı qəddar davranılmalıdır. Bununla belə, heç olmasa meydana çıxanda o, fitə basılmalıdır!”, deyə Jerom Roten bildirib.

Bundan əvvəl, Argentinanın olimpiya yığmasının baş məşqçisi Xavyer Maskerano Messinin qarşıdakı yarışa dəvət edilməsinin mümkünlüyünü etiraf etmişdi. Lakin o, bu qərarın “Leo”nun özündən asılı olacağını vurğulamışdı.

Rotenin sözlərinin mahiyyəti Messinin Parisdən ayrıldıqdan sonra PSJ haqda daim mənfi rəy doğuran sözlər danışması ilə bağlıdır. Argentinalı ulduz PSJ-dəki günlərini az qala cəhənnəm yaşantıları ilə müqayisə edir, yeri gəldikcə bunu ictimaiyyətə müxtəlif rənglərlə bəzəyərək təqdim edərək, Parisi və PSJ-ni gözdən salacaq mənzərə yaradır.

Xatırladaq ki, Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Argentinalı ulduzun amerikan kulubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Lionel Messi “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə verib. “Leo” “vağlar”la ötən il Liqalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: