“Milan”ın sahibi Cerri Kardinale klubun satıla biləcəyi ilə bağlı mətbuatda sürətlə yayılan xəbərləri təkziblə çıxış edib.
Arena.az “Corriere dello Sport” nəşrinə istinadən, Kardinalenin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən qəti şəkildə bildirmək istəyirəm ki, bu, tamamilə həqiqətə uyğun deyil. Mən uzun müddətdir ki, buradayam. Mənim görməli olduğum işim var. Mən klubu A Seriyasının və Avropanın zirvəsinə qaytarmaq istəyirəm və bu məqsədlərə çatmaqda dayanmayacağam. Biz onlara nail olanda – mən də onlara yenidən nail olmaq istəyəcəyəm.
Pioli? Müəyyən mərhələdə narazı qalmağım mütləq məşqçinin qovulması demək deyil. Düşünürəm ki, Stefano çətin vəziyyətdə, çox təzələnmiş komanda ilə yaxşı iş görür və mən sadəcə olaraq hər şeyi dəyişdirmək üçün kimisə işdən çıxarmaq istəyinə uymuram.
Çempionat hələ uzundur, hər şey ola bilər, görəcəyik. Bizə çox şeyi yaxşılaşdırmaq gərəkdir, məsələn, zədələrlə bağlı vəziyyəti. Məndən başlayaraq hər kəs daha yaxşı işləməlidir. Amma mən getməyə hazırlaşmıram, mən hələ burada çox olacağam. Heç kim məndən çox qalib gəlmək istəmir”, deyə Kardinale iddiasını ortaya qoyub.
Xatırladaq ki, amerikan iş adamı 2022-ci ilin iyununda “Milan”ın səhmlərinin böyük əksəriyyətini alıb.
“Milan” İtaliya A Seriyasında 2023/2024 mövsümünün geridə qalmış 25 turundan sonra 52 xalla 3-cü pillədə qərarlaşıb. Çempionata 63 xala malik “İnter” başçılıq edir. “Milan” həmçinin Avropa Liqasında mübarizə aparır. İtaliya nəhəngi pley-offda Fransa “Renn”i ilə ilk oyundan 3:0 hesablı qələbə ilə ayrılıb.


