Avropa Liqasının pley-offunda Portuqaliyanın “Braqa” klubunu mübarizədən kənarlaşdıran “Qarabağ”ın qazandığı mükafatın məbləği bəlli olub.
Arena.az xəbər verir ki, 1/8 finala yüksələn Azərbaycan çempionu Avropa futbol qurumundan 1,2 milyon avro alacaq.
Xatırladaq ki, Ağdam klubu Portuqaliyada baş tutmuş ilk oyunda bu rəqibini 4:2 hesabı ilə məğlub etmişdi. Ötən gecə Bakıda baş tutan cavab qarşılaşmasının əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxta ehtiyac duyulub. Yekunda 2:3 hesablı məğlubiyyət qeydə alınsa da, iki oyunun nəticəsinə görə “Braqa”dan güclü olan (6:5) Ağdam klubu mərhələ adlayıb.
“Qarabağ” Azərbaycan futbol tarixində avrokubokların 1/8 finalına yüksələn ilk klubdur. Avroliqanın 1/8 mərhələsinin oyunları martın 7-də və 14-də keçiriləcək. Bu mərhələnin püşkü isə bu gün – fevralın 23-də atılacaq.


