Ederson Moraes “Mançester Siti”nin rekordçusuna çevrildi

Premyer Liqanın 26-cı turunda “Bornmut”a qarşı səfər oyunu “Mançester Siti”nin braziliyalı qapıçısı Ederson Moraes üçün əlamətdar olub.

Arena.az “Squawka” portalına istinadən məlumat verir ki, “şəhərlilər”in 1:0 hesablı qələbə qazandığı oyunda Ederson “Siti”nin qapısını Premyer Liqa çərçivəsində 110-cu dəfə “quru” saxlayıb.

Beləliklə Ederson “quru” oyunlar üzrə Premyer Liqada “şəhərlilər”in mütləq rekordçusu olub. Buna qədər braziliyalı qapıçı müvafiq göstəricidə 109 oyunluq “quru” silsiləyə nail olmuş, “Siti”nin sabiq, hazırda “Seltik”də çıxış edən ingilis qapıçı Co Hartla şərikli rekorda sahib idi.

Ederson “San-Paulu”nin yetirməsidir. Avropada “Benfika”nın heyətində diqqət çəkən braziliyalı qapıçını “şəhərlilər” 2017-ci ilin iyulunda 40 milyon avro müqabilində transfer ediblər. Edersonun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ederson “Siti”nin heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 28 qol “yeyib”, 12 oyundan “quru” qurtulub. Braziliyalı qapıçının “şəhərlilər”in heyətində ümumi statistikası isə belə mənzərə yaradır: 322 oyun, 251 buraxılmış qol, 151 “quru” oyun.

Ederson “Mançester Siti” ilə bütün mümkün klub turnirlərində qələbə qazanıb. Braziliyalı qapıçı “şəhərlilər”lə İngiltə Premyer Liqasının 5 qat, İngiltərə Kubikunun 2 qat, İngiltərə Liqa Kubokunun 4 qat, İngiltərə Super Kubokunun 2 qat, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Edersonun həmçinin “Benfika” ilə 2 qat Portuqaliya çempionluğu, Portuqaliya Kubokunda, Portuqaliya Liqa Kubokunda, Portuqaliya Super Kubokunda qalibiyyətləri var.

Ederson Moraes 2017-ci ilin oktyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 25 oyuna 18 qol buraxıb, 12 təmiz oyun keçirib. Məsələ burasındadır ki, Ederson “selesao”nun heyətində “Liverpul”un qapıçsı Alisson Bekerin əvezedici rolunda çıxış edib. Buna rəğmən, Ederson Braziliya millisi ilə 2019 Amerika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 30 yaşlı braziliyalı qapıçı Edersonun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: