Rəşad Sadıqov: “Hesab böyük olsa da, qələbə asan olmadı”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 14-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkür edirəm. 10 oyundur qələbə qazanmırdıq. Futbolçulara və mənə mənəvi cəhətdən dəstək oldular. Qələbəmizi onlara ərmağan edirəm. Futbolçular kritik vəziyyətdə qələbə qazandılar, əzmkarlıq göstərdilər. İlk hissədə hər iki komanda ehtiyatlı oynayırdı. Fasilədən sonra daha açıq futbola üstünlük verildi. İkinci qoldan sonra komanda daha da rahat oynamağa başladı. Rəqib də əzmkar mübarizə aparırdı. Hesabın 3:0 olması qələbənin asanlıqla əldə olunduğu görüntüsü yarada bilər, amma çətinliklə qalib gəldik”.

Rəşad Sadıqov uzun müddət idi qələbə qazana bilməyən və qol vurmaqda çətinlik çəkən komandasının bu qələbədən sonra özünə gələcəyinə inanır:

“Çempionatda qol vurmaq çətindir. Azərbaycan futbolunda ən çox 0:0, 1:0 qeydə alınan nəticələrin şahidiyik. Hər komanda ehtiyatlı oynayır, qol vurmaq çətin olur. 10 oyuna 1 qol vurmuşduq. Amma arada 3 kritik kubok matçı keçirmişdik. O oyunlarda 7 qol vurmuşduq. Bu gün daha dəqiq oynadıq. Əvvəlki matçlardan fərqli olan bu idi”.

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov isə komandasının məğlubiyyətini belə şərh edib:

“Rəqibi təbrik edirəm. Birinci hissədə istədiyimiz kimi mübarizə apardıq. 60-cı dəqiqədə oyundan düşdük və məğlub olduq. Bu məğlubiyyəti yaddan çıxarmalı, toparlanıb, qarşıdakı oyunlara koklənməliyik.

Ləğv edilən penaltı epizoduna gəldikdə, son oyunlarda daha çox əleyhimizə qərarlar verilir, halbuki orada ofsayd yox idi. Birinci hissədə epizodlarımız oldu, xüsusilə Orxan Əliyev imkanı dəyərləndirsəydi, oyunun axarı dəyişə bilərdi.

Belə görüşlərdə uduzmaq məşqçiyə pis təsir edir. Birinci hissədə istədiyimiz kimi oynayırdıq, qol epizodları yaradırdıq. Təəssüf…

Hər üç qol epizodunu rəqibə demək olar, özümüz verdik. “Zirə” bizə çətinlik yaratmadı, amma səhvlərimizdən istifadə etdi”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: