Tərlan Əhmədov: “Neftçi”də məşqçi işi görünmür”

“Neftçi”nin sabiq baş məşqçisi, hazırda işsiz olan Tərlan Əhmədov keçmiş komandasının cari mövsümdəki çıxışını dəyərləndirib.

Qış fasiləsində baş məşqçi dəyişikliyinə əl atan paytaxt təmsilçisi çempionatda “Qarabağ”dan çox uzaq düşsə də, ölkə kubokunda mübarizəsini davam etdirir.

Miodraq Bojoviçlə yeni dönəmə daxil olan “ağ-qaralar”ın hazırkı durumu barədə “Neftçi”nin sabiq çalışdırıcısı Tərlan Əhmədov ilə əlaqə saxlayıb fikirlərini öyrəndik.

Əhmədovun Arena.az-a açıqlamasını təqdim edirik:

“Artıq ikinci əcnəbi baş məşqçi dəvət etdilər. Adrian Mutu qısa zamanda heç nəyi dəyişmədi. Komanda “Qarabağ”dan çox geri qalır. Mən oktyabr ayından demişəm ki, “Qarabağ” sona 4-5 tur qalmış çempionluğu təmin edəcək. “Neftçi”yə gəlincə komanda yeni baş məşqçi ilə Antalya toplanışına yollandı. Amma bu müddət ərzində hələ ki, heç bir dəyişiklik yoxdur. İlk oyunda komanda bir az fərqli oyun göstərdi, amma daha sonra yenə sönük futbol sərgiləyir. Son oyunlarda “Araz Naxçıvan”a məğlubiyyət, “Zirə” ilə çətin keçən oyun və Tovuzdakı xal itkisi hər şeyi deyir. “Zirə”nin ilk on dəqiqədə yaratdığı qol epizodları tamamlansaydı, tamam fərqli oyun görünəcəkdi.

“Neftçi” də hələ ki, oyun görünmür. Bojoviç zaman lazım olduğunu deyir. Əcnəbi məşqçi qısa müddətdə nəyisə dəyişə bilmir. Amma mən o komandaya 2017-ci ildə dəvət olunanda ilk həftədən dəyişiklik edib sürətli hücum futbolu oynadaraq klubun öz adını geri qaytardım. Həmin il 5 turdan sonra 1 xalla 7-ci pillədə olan komandanı sonda 3-cü pilləyə gətirdik. Həmin mövsüm Roman Qriqorçuklu “Qəbələ”ni səfərdə məğlub etdik. “Qarabağ”la evdə heç-heçə oynayıb, səfərdə qalib gəldik”.

“Neftçi” bu oyunla “Qarabağ”a heç bir təzyiq yarada bilməz”

Tərlan Əhmədov Azərbaycan futbolunda yerli məşqçilərə münasibətdən narazılığını da dilə gətirib:

“Yerli mütəxəssislərə heç vaxt zaman verilmir, amma əcnəbi çalışdırıcılara hər zaman şans verilir. “Neftçi”nin bu mövsüm “Qarabağ”a çatacağına inanmıram. Hesab edirəm ki, “Neftçi” bu oyunla, bu yanaşma ilə və bu legionerlərlə “Qarabağ”a heç bir təzyiq yarada bilməz. Legionerlərin əksəriyyəti komandanı yüksək yerlərə aparacaq səviyyədə deyillər. Görünən odur ki, “Neftçi” uğurlu nəticələrdən hələ uzaqdadır. Hələ ki, məşqçi işi görünmür. Komandanın müdafiədə boşluqları çoxdur. Hücum xəttində də keyfiyyət yoxdur.

Yeni gələn məşqçi çox şeyi dəyişməli idi. Yenə deyirəm, əcnəbi məşqçini işi alınmayanda vaxt istəyir. Amma yerli məşqçi qısa zamanda nəticə verəndə daha artığı tələb olunur. Bu baxmdan da Azərbaycan futbolunda və “Neftçi”də geriləmə olur. 2017-ci ildən indiyə qədər “Qarabağ”da heyətin demək olar eyni qaldığını görürük. “Neftçi”də isə yalnız Emin Mahmudovun qaldığını görə bilərsiniz. Hər altı aydan bir heyətdə ciddi dəyişikliklər olur.

Xatırlayırsızsa, Sadıq Sadıqovun vaxtında “Neftçi” də 6-7 legioner futbolçu var idi. Hamısı da keyfiyyətli oyunçular idi. Həmin legioner oyunçular seçilib gətirilirdi. Buna görə komanda qızıl dubl edib, Avropa Liqasının qrupuna düşmüşdü. İndi sıradan, istənilən legionerlərin kluba cəlb olunduğunu görürük. Bu komandada hücum xətti sıfır səviyyədədir. Tarixi komandanın indiki vəziyyəti çox ürəkağrıdıcıdır. Kluba oyunçuların potensialını üzə çıxaracaq məşqçi dəvət olunmalıdır. Futbolçularda oldğu kimi, məşqçilər də seçilib komandaya dəvət olunmalıdır. Ümumiyyətlə Azərbaycan futbolunda bütün yanaşmalar dəyişməlidir”.

Nahid Ustaclı

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: