Premyer Liqa: Lider autsayderə, Sxadadze Qurbanova qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 23-cü turundan təxirə salınmış “Qəbələ” – “Qarabağ” oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək oyuna saat 19:00-da start veriləcək.

Xatırladaq ki, bu qarşılaşma fevralın 16-da keçirilməli idi. Lakin “Qarabağ”ın rəsmi müraciəti, “Qəbələ”nin razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq Ağdam klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə oyun PFL tərəfindən yanvarın 18-də təxirə salınmışdı.

Son çempion “Qarabağ” hazırda 54 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. Ağdam təmsilçisi ən yaxın izləyicisi olan “Sumqayıt”la “Neftçi”ni 18 xal qabaqlayır. Hesabında 15 xal olan “Qəbələ” isə sonuncu – 10-cu pillədə qərarlaşıb. Ağdam klubu çempionatın aşkar autsayderinə səfərdə qalib gələ bilsə, əsas izləyiciləri ilə xal fərqini 21-ə çatdıracaq.

“Qəbələ” “Qarabağ”la oyuna yeni baş məşqçi ilə çıxacaq. Belə ki, bir neçə gün öncə Elmar Baxşıyevlə yollarını ayırmış əyalət təmsilçisi onu vaxtilə Azərbaycanda “Standart” və “İnter”i də çalışdırmış Kaxaber Sxadadze ilə əvəzləyib. Gürcüstandan olan 55 yaşlı mütəxəssis 9 il sonra qayıtdığı Azərbaycanda ilk oyununu köhnə rəqibi – Qurban Qurbanovlu “Qarabağ”a qarşı keçirəcək. Onun “Qəbələ”dəki debütünün necə alınacağı maraqla gözlənilir.

“Qəbələ” ilə “Qarabağ” daha öncə Premyer Liqa çərçivəsində 60 oyunda üz-üzə gəliblər. Bu oyunlarda qəbələlilər 10, ağdamlılar 35 qələbə qazanıblar, 15 oyun heç-heçə bitib. “Qarabağ” son 8 oyunda bu rəqibinə qol vurub. “Qəbələ” 22 matçdır qələbə qazanmır.

Premyer Liqa
23-cü turun oyunu
28 fevral

“Qəbələ” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: