Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin “Qarabağ” – “Bayer” oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletlər sabah saat 12:00-dan etibarən iticket.az-da satışda olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 40, 100 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
- “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopu;
- Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
- “Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.
Xatırladaq ki, “Qarabağ” – “Bayer” oyunu martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu oyuna saat 21:45-də start veriləcək.
Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə bir həftə sonra – martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.
Xatırladaq ki, Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi 1/8 finala, Azərbaycan çempionu isə qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanıb.