Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer”in qonağı olacaq “Qarabağ”ın Almaniyaya səfər proqramı müəyyənləşib.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi sabah – martın 12-də, saat 18:15-də Kölnə, oradan isə Leverkuzenə yollanacaq.
Martın 13-də, yerli vaxtla saat 17:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı başlayacaq. Saat 17:30-da isə komandanın açıq məşqçinə start veriləcək.
Yeri gəlmişkən qeyd edək ki, Almaniya klubu Azərbaycan təmsilçisinin azarkeşləri üçün 1790 bilet ayırıb. Ağdam klubundan verilən məlumata görə, komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər bu gün saat 22:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq. Biletin qiyməti 31 manat təşkil edir.
Martın 14-də “BayArena”da keçiriləcək matçdan 3 saat əvvəl qonaq azarkeşlər üçün ayrılmış SG1, SG2 və SG3 sektorlarının qarşısında (Service Gast) vauçeri biletə dəyişməlisiniz. Bilet alarkən istifadə etdiyiniz vəsiqə ilə vauçeri biletə dəyişmək mümkündür.
Xatırladaq ki, “Qarabağ”la “Bayer” arasındakı ilk oyun martın 7-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Həmin oyunda qalib müəyyənləşməyib – 2:2.
Azərbaycan və Almaniya təmsilçiləri arasındakı cavab qarşılaşması isə martın 14-də Leverkuzendəki “BayArena”da keçiriləcək. Bu qarşılaşmaya yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00) start veriləcək.
Ağdam və Leverkuzen təmsilçiləri bu mövsüm Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıblar. Azərbaycan çempionu bu rəqibinə Leverkuzendə 1:5, Bakıda isə 0:1 hesabı ilə məğlub olub. Almaniya təmsilçisi qrup lideri kimi birbaşa 1/8 finala yüksəlmişdisə, Azərbaycan çempionu qrupda 2-ci yeri tutaraq pley-offa vəsiqə qazanmışdı.


