“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının 1/8 finalında “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xatırladır ki, “Bayer” Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçədən sonra Leverkuzendə 0:2 hesabı ilə geridə olduğu oyunda çevriliş edərək, son saniyələrdə vurduğu qolla 3:2 hesablı qələbə qazanıb və növbəti mərhələyə adlayıb.
“Ən yaxşı oyunumuz olmadı, amma yenə də ürəklə və ehtirasla qalib gələ bildik. Biz yaxşı qarşılıq göstərdik. Geriyə nəzər salsaq, mən fərqli heyəti ortaya qoymazdım, çünki həmişə eyni oyunçulardan istifadə etmək mümkün deyil”, “Fussball News” Xabi Alonsodan sitat gətirir.
İspaniyalı mütəxəssis RTL-ə açıqlamasında 90+3-cü dəqiqədə hesabı 2:2 etdikləri zaman özünü əlavə 30 dəqiqəyə hazırladığını bildirib:
“Qarabağ”a əsas vaxtda qalib gələcəyimizə inanmırdım. Həmin anda artıq beynimdə əlavə ediləcək dəqiqələrə köklənmişdim. Qısa fasilədə futbolçulara nə deyəcəyimi, hansı tapşırıqları verəcəyimi düşünürdüm. 90+8-ci dəqiqədə qələbə topunu vuracağımızı gözləmirdim. Ən yaxşı “Bayer” meydanda olmaya bilərdi. Ancaq yaxşı reaksiya verdik”.
Yeri gəlmişkən, Almaniya futbolunun əfsanəsi Lotar Matteus da “Bayer”in “Qarabağ”a qalib gəldiyi cavab oyun barədə danışıb. 62 yaşlı mütəxəssis Leverkuzen təmsilçisinin çıxışından məmnun qalmadığını gizlətməyib:
“Bayer”in “Qarabağ”la oyununu uzun müddət xatırlayacağıq. Bu, əlbəttə, “Bayer”in ən yaxşı oyunu deyildi. Təmsilçimiz qalib gəlmək istəyindən vaz keçmədi. Bu da “Bayer”in son bir neçə ayda Xabi Alonso ilə təkrar-təkrar yaşadığı uğur hekayəsindən xəbər verir”.


