Arif Əsədov millinin yeni heyətindən və hədəflərindən danışdı

Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA series – Edition 2024” turniri ilə bağlı hədəflərini açıqlayıb.

Arena.az xəbər verir ki, yeni layihə çərçivəsində millimiz Bakıda Monqolustan və Bolqarıstan yığmaları ilə üz-üzə gələcək.

Əsədov bu oyunlar barədə AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Yoldaşlıq oyunlarında nəticə elə də ciddi önəm kəsb etməsə də, biz hər matça qələbə üçün çıxırıq. Qarşımıza qoyulan məqsədlərdən biri də odur ki, hər iki oyunda qələbə qazanaraq, komandanın əhval-ruhiyyəsini daha da yüksəldək. Çalışacağıq ki, qarşıdakı oyunlarda uğurlu nəticələr əldə edək”.

Yığmada müvəqqəti baş məşqçi vəzifəsini icra edən mütəxəssis heyətə dəvət edilən debütantlar barədə də fikir bildirib:

“Ukraynada çıxış edən Emil Mustafayev, Türkiyədə oynayan, çoxdandır milliyə çağırılmayan Vüsal İsgəndərli və “Neftçi”nin qapıçısı Rza Cəfərovu dəvət etdik. Yoldaşlıq oyunları olduğu üçün onları cəlb etdik ki, baxaq. Adətən, bu cür yoldaşlıq oyunlarında yeni futbolçular yoxlanılır”.

Arif Əsədov 3 futbolçunun isə U-21 yığmasında iştirakı barədə qərar qəbul etdiklərini sözlərinə əlavə edib: “U-21-i qarşıda rəsmi oyunlar gözləyir. Ona görə də komandanın baş məşqçisi Samir Əliyevlə danışdıq ki, Emil Səfərov, Nəriman Axundzadə və Cəlal Hüseynov İngiltərə və Ukrayna ilə görüşlərdə gənclər yığmasına kömək etsinlər”.

Millinin məşqçisi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun hücumçusu Mahir Emreliyə dəvət göndərilməməsinin də səbəbini açıqlayıb. O, 26 yaşlı futbolçunu zədə ilə əlaqədar qarşıdakı oyunlara dəvət etmədiyini açıqlayıb. Mütəxəssis Cənubi Koreyanın “Daejeon” kollektivində çıxış edən müdafiəçi Anton Krivotsyukla bağlı vəziyyətin də eyni olduğunu bildirib:
“Anton Krivotsyuk və Mahir Emrelinin heyətdə olmaması zədə ilə bağlıdır. Hər iki futbolçumuzla danışmışam, zədələri var. Həkimlə də məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar, onları növbəti təlim-məşq toplanışlarına çağıraq”.

Qeyd edək ki, Azərbaycan millisi FİFA tərəfindən ilk dəfə təşkil olunacaq yoldaşlıq görüşləri çərçivəsində martın 22-də Monqolustanı, 25-də isə Bolqarıstanı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: