“Tottenhem”in isveçli sağ vingeri Deyan Kuluşevski İsveç yığmasının sabiq hücumçusu, əfsanəvi Zlatan İbrahimoviç haqda söhbət açıb.
Arena.az “The Players Tribune” dərgisinə istinadən, isveçli futbolçunun “İbra” barədə xatirəsini təqdim edir:
“Mən Zlatanla o, 39 yaşında İsveç yığmasına qayıdanda tanış olmuşam. Və o, dedi: “Qulaq asın, mən sizinlə çox mehribanam, uşaqlar. Siz məni “Milan”da görməlisiniz.
Mən bir gün onun evinə gəlib və gündə yeddi saat məşq etdiyini mənə deməsinə qədər onun nə demək istədiyini başa düşmürdüm. Yeddi saat! Oğlanın artıq 42 yaşı var və o, hələ də heyvan kimi məşq etdiyi foto və videolarını yayımlayır. Nə üçün, lənət şeytana, o, məşq edir?! Heç kim bilmir. O, sadəcə Zlatandır”, deyə 23 yaşlı Kuluşevski təəccüblə bildirib.
Hazırda “İbra” “Milan”ın əməliyyat tərəfdaşı və komanda sahiblərinin baş məsləhətçisi vəzifəsində çalışır.
İbrahimoviç futbolçu karyerasında sonuncu klubu olan “Milan”ın uğurları üçün 2020-ci ilin yanvar ayından çalışırdı. Zlatan 2010-2012-ci illər aralığında da “Milan”da çıxış edib. Ümumilikdə İbrahimoviç “Milan”ın heyətində 163 oyuna çıxıb, 93 qol vurub, 35 məhsuldar ötürmə verib.
İsveçli futbolçu PSJ (180 oyun, 156 qol, 61 məhsuldar ötürmə), “İnter” (117 oyun, 66 qol, 30 məhsuldar ötürmə), “Ayaks” (110 oyun, 48 qol, 17 məhsuldar ötürmə), “Yuventus” (92 oyun, 26 qol, 20 məhsuldar ötürmə), “Los-Anceles Qelaksi” (58 oyun, 53 qol, 15 məhsuldar ötürmə), “Mançester Yunayted” (53 oyun, 29 qol, 10 məhsuldar ötürmə), “Barselona” (46 oyun, 22 qol, 13 məhsuldar ötürmə) və “Malmö” (3 oyun, 3 qol, 1 məhsuldar ötürmə) kimi klublarda forma geyinib. İbrahimoviç formasını geyindiyi komandaların əksəri ilə çoxsaylı titullar qazanıb, hər mövsümdə müxtəlif fərdi uğurlara imza atıb.
Zlatan İbrahimoviç 2001-ci ilin yanvarında debüt etdiyi İsveç yığmasının ən məshuldar futbolçusudur: 122 oyun, 62 qol, 25 məhsuldar ötürmə.
Özünməxsus əcaibliyi ilə diqqət çəkən “İbra”nın gerçək siması ilə ictimai siması arasında təzad var. Arada Zlatan özünün tanrı olduğunu car çəkir, arada isə ziyadə kobudluğu ilə fərqlənir.


